Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda Səməd Vurğunun 120 illik yubileyi qeyd edilib

17.04.2026

Qazaxda Səməd Vurğunun 120 illik yubileyi qeyd edilib

Aprelin 17-də Qazax Rayon İcra Hakimiyyəti, Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illik yubileyinə həsr olunmuş “Vurğun keçib bu yerlərdən” başlıqlı tədbir keçirilib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Qazax- Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Səbuhi Xasməmmədov, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, mədəniyyət müəssisələrinin əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin müəllim və tələbə kollektivi iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Xalq şairi Səməd Vurğunun həyat və yaradıcılığına həsr olunmuş kitab və rəsm sərgisi ilə tanış olublar. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

İcra başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Səməd Vurğunun həyat və yaradıcılığı haqqında geniş məlumat verib.

Digər çıxış edənlər şairin dillər əzbəri olan şeirlərindən, maraqlı xatirələrindən, ədəbiyyatımızı zənginləşdirən irsindən danışıblar. Qeyd edilib ki, “Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 fevral 2026-cı il tarixli sərəncamı Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətləri olan görkəmli şairə dövlət səviyyəsində göstərilən ehtiramın, hörmətin bariz nümunəsidir. Səməd Vurğunun milli poeziyanı yüksəklərə qaldıran romantik və fəlsəfi məzmunlu bənzərsiz lirikası Azərbaycan ədəbiyyatının qızıl fonduna daxildir. Keçmişə ehtiram və gələcəyə inam aşılayan Vurğun dramaturgiyası Azərbaycanın teatr sənəti tarixində xüsusi səhifə təşkil edir. Səməd Vurğunun novator keyfiyyətlərlə zəngin bədii irsi bir məktəb kimi müasir Azərbaycan poeziyasına güclü təsir göstərmişdir və bu gün də gənc nəslin milli-mənəvi dəyərlərə sədaqət ruhunda yetişməsində əhəmiyyətli rol oynayır.

Tədbirin bədii hissəsində Qazax şəhəri Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbinin şagirdlərinin hazırladığı şairin əsərlərindən ibarət ədəbi-bədii kompozisiya təqdim olunub. Uşaq musiqi məktəbinin “Misri” qrupunun saz ifası ilə tədbir yekunlaşıb.

#QazaxTovuzRMİ #SəmədVurğun #Qazax #mədəniyyət #poeziya