15.12.2017
15 dekabr 2017-ci il tarixdə Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin Qazax Dövlət Rəsm Qalereyasında “Sülh istəyirik” adlı rəsm sərgisi keçirilmişdir. Sərgidə Region İdarənin nümayəndələri, İcra Hakimiyyət aparatının məsul işçiləri, Bakı şəhərindən 11 nəfər qonaq və rayon ictimaiyyəri iştirak etdi. Xalq rəssamları Qəyyur Yunus, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov, Arif Hüseynov, Qafar Sarıvəlli, rəssamlar Aynurə Mustafayeva, Nəcməddin Hüseynov iştirak etdilər. Eyni zamanda Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, Azərbaycan Yazıçılar birliyinin üzvü Bayandır Sevgin, şair Zaməddin Ziyadoğlu, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Nəzakət Əhmədova, Dövlət Rəsm Qalereyasının nümayəndəsi Vaqif Muğalov, Dövlət Rəsm Qalereyasında böyük elmi işçi Rəna Rəcəbova qonaqlar arasında idi.
Tədbiri giriş sözü ilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açdı. O, məruzəsində tədbirin əhəmiyyətindən, gənclərin sağlam ruhda tərbiyyə olunmasının önəmindən danışdı. O,”Yalnızca Barışa Tarafız” layihəsi əsasında keçirilən “Sülh istəyirik” adlı sərginin təşkilatçısı Akif Əmirova və Qazax Dövlət Rəsm Qalereyasının direktoru Münəvvər Xəlilovaya təşəkkürünü bildirdi. Qonaqlar çıxış edərək tədbirin təşkilinin səviyyəsindən və əhəmiyyətindən danışdılar. Bu sülhməramlı sərginin təşkilində əməyi keçən hər kəsə təşəkkür etdilər. Sərgidə işləri nümayiş olunan rəssamlara və şagirdlərə, eyni zamanda əməyi keçənlərə sertifikat verildi.