19.06.2019
Azərbaycanın dörd bir diyarını qarış-qarış dolaşan yaradıcılıq festivalı öz işinə Mərdəkanda yekun vurub.
Mərdəkan Mədəniyyət Sarayında baş tutan yekun tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Naziri Əbülfəs Qarayev, nazir müavinləri, bir qrup mədəniyyət işçiləri, regional mədəniyyət idarələrinin rəisləri festivalın sərgi hissəsinə baxış keçiriblər.
Daha sonra tədbirin bədii hissəsində Azərbaycan Respublikası Mədəniyyət Naziri Əbülfəs Qarayevin iştirakı ilə yaradıcılıq festivalında fəal iştirak edən Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələri, musiqi kollektivləri, sənətkarlar, incəsənət ustaları, eyni zamanda layihənin təşkilinə yüksək dəstək göstərmiş Rayon İcra Hakimiyyəti Başçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib.
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının yekun tədbiri fəxri fərmanla və təşəkkürnamə ilə təltif olunmuş incəsənət ustalarının rəngarəng çıxışları ilə davam edib.
Məlumat üçün bildirək ki, Mədəniyyət Nazirliyinin birinci yarımili üçün iş planına əsasən, bu il mart-may ayları ərzində “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı təşkil olunub.
Beləki, festival car ilin mart ayının 28-də Gəncə, 29 - da Ağstafa, aprel ayının 5 - də Ağdaş, 11 - də Saatlı, 12 - də Neftçala, 17 - də Ağcabədi, 18 - də Tərtər, 25 - də Xaçmaz, 26 - da Abşeronda baş tutub. May ayının 2 - də Lerik, 3-də Masallı, 10-da Kürdəmir, 11- də Şəmkir, 16 - da Şamaxı 21 may tarixində isə Balakəndə həyata keçirilib.
Festival müddətində 80 - dən çox musiqi kollektivi ( folklor, rəqs, ansamblı, xor və.s) 50 - dən çox incəsənət ustalarının müxtəlif janrlar üzrə (muğam, aşıq musiqisi, estrada, instrumental, vokal ifa və.s ) çıxışlarına yer verilib.
Yerli icra orqanların təşkilati dəstəyi ilə keçirilmiş festival bölgələrdə əhalinin və ölkəmizə gələn xarici qonaqların böyük marağına səbəb olub. Festivalın gedişatı Kütləvi İnformasiya Vasitələrində və sosial şəbəkələrdə geniş işıqlandırılıb.
İki ay davam edən mədəniyyət bayramı Mədəniyyət Nazirliyinin 16 regional mədəniyyət idarəsinin tabeliyində olan 65 şəhər və rayonların iştirakı ilə baş tutub.
Layihə müddətində Mədəniyyət Nazirliyinin 16 regional mədəniyyət idarəsinin təmsil etdikləri rayonlar üzrə xüsusi sərgi çatdırıları qurulub. Sərgi çadırlarında metalişləmənin fərqli texnika və üsullarda hazırlanan misgərlik nümunələri, məişət qabları, kəlağayılar, bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələri, çay daşları və ağac, muncuq, kağız və digər materiallardan hazırlanan bəzək əşyaları, həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq kimi digər sənət növlərinə aid olan yüzlərlə yaradıcılıq nümunələri sərgilənib.
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının zəngin konsert proqramı hissəsi isə musiqi kollektivləri, sənətkarlar, incəsənət ustaları və rəqs kollektivlərinin zövqlü çıxışları ilə yaddaşlara həkk olunub.
Qeyd edək ki, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb. Bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb.